Manşet Siyasət

Türkiyə konsulu: “Əlahiddə Ümumqoşun Ordu kömək etməsəydi, yardım göndərmək çətin olardı”

“Əlahiddə Ümumqoşun Ordu kömək etməsəydi, yardımları çeşidləyib yola salmaq bizimçün çətin olardı”.

“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.

“Bir daha əməyi keçən hər kəsə, o cümlədən də Əlahiddə Ümumqoşun Ordunun burada çalışan heyətinə dəstəklərinə görə təşəkkürümü bildirirəm”, – Baş konsul deyib.

“Zəlzələ baş verdikdən dərhal sonra biz çox böyük fəlakət olduğu üçün beynəlxalq yardım çağırışı etdik. İlk köməyə yetişən ölkələrdən biri Azərbaycan oldu. Qardaş ölkə yardım çatdırma, xilasetmə dəstəsi göndərdi. Daha sonra ehtiyac duyulan ləvazimatları sosial media hesablarımızdan bildirdik. O andan bəri Naxçıvandakı Baş Konsulluğumuza inanılmaz yardım axını oldu.

Bizim yardımları Baş Konsulluqda çeşidləyib göndərməyimiz çətin idi. Bu işdə Əlahiddə Ümumqoşun Ordu bizə köməklik etdi, ordunun anbarında bunun üçün şərait yaradıldı. Fevralın 8-də 12 TIR Naxçıvandan Türkiyənin Adıyaman bölgəsinə göndərildi. Bu gün də 12 TIR yola salındı. TIR-larda, əsasən, qida məhsulları, su, geyimlər, çadırlar var”,- Asip Kaya əlavə edib.

Diplomat qeyd edib ki, bundan sonra daha çox çadıra, istilik ləvazimatlarına, qış geyimlərə, dərmanlara, gigiyenik vasitələrə ehtiyac var: “Yardım etmək istəyən naxçıvanlı qardaşlarımız bunlara önəm versələr məmnun olarıq. Gigiyenik baxımdan yeni paltarlar gətirsələr yaxşı olar. Paltarların çeşidlənib göndərilməsi olduqca çətindir. Mən Türkiyə Cümhuriyyəti, türk xalqı adından yardım edən hər kəsə təşəkkürümü bildirirəm. Böyük bir həmrəylik örnəyi göstərdilər. Bildiyimiz kimi, biz bir millət, iki dövlətik. Bunu bir daha bütün dünyaya göstərdik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir