“MƏKTUBUMUZUN PREZİDENTƏ ÇATMASINA MANEƏLƏR VAR” – Naxçıvan səhiyyə işçilərindən ölkə başçısına müraciət
Naxçıvan Muxtar Respublikasının (MR) Yoluxucu Xəstəliklər Mərkəzinin Kollektivi adından Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə ünvanlanan məktubu oxucuların diqqətinə çatdırırıq:
“Hörmətli Prezident!
Yazaraq sizə bildirik ki, 2020-ci ilin mart ayından “Covid-19” xəstəliklərinin stasionar müalicəsi Naxçıvan Muxtar Respublikasının Yoluxucu xəstəliklər Mərkəzinə tapşırılıb. Bu tarixdən etibarən xəstəxananın işçiləri gücləndirilmiş iş rejimində çalışıblar.
Cənab Prezident!
Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sizin 2020-ci il, 18 mart tarixli, 1947 nömrəli sərəncamınızın icrası da bizə şamil olunmayıb. Bu məsələlərlə bağlı şikayətlərimizi dəfələrlə Naxçıvan Muxtar respublikasının Səhiyyə Nazirliyinə bildirsək də, heç bir nəticə əldə etməmişik.
Naxçıvan Muxtar Respublikasının yoluxucu Xəstəliklər Mərkəzinin kollektivi adından xahiş edirik ki, bu məsələ ilə bağlı hüquqi prosedurun başlanılması və ədalətli qərarın verilməsi üçün göstəriş verəsiniz”.
Şikayət məktubunda o da xatırladılır ki, Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2020-ci il 5 fevral tarixli sərəncamla “Yoluxucu Xəstəliklər Mərkəzi” publik hüquqi şəxsə çevrilmişdir: “Sərəncama əsasən, publik hüquqi şəxs statusu alan müəssisələrdə çalışan işçilərin sosial vəziyyəti yaxşılaşdırılmalıydı. Sərəncamla publik hüquqi şəxsin göstərdiyi ödənişli tibbi xidmətlərdən daxil olan vəsaitin 50 faizi işçilərin əməkhaqlarına əlavələrin verilməsinə yönəldilməlidir. Yoluxucu Xəstəliklər Mərkəzinin işçiləri həm Naxçıvan MR-in publik hüquqi şəxs olmuş digər xəstəxanalarına verilən aylıq vəzifə maaşı olan 50 faizdən, həm də daxil olan vəsaitin 50 faizindən məhrum olublar. İcbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlər qarşılığında icbari tibbi sığorta fondu tərəfindən daxil olan sığorta ödənişlərindən xəstəxananın həkim, orta və kiçik tibb işçilərinə heç bir vəsait ayrılmır.
2020-ci il mart ayından Covid-19 xəstələrinin stasionar müalicəsi Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinə tapşırılıb. Xəstəxana işçiləri bu tarixdən etibarən gücləndirilmiş iş rejimində çalışıblar. Lakin yenə də yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020- ci il 18 mart tarixli 1947 nömrəli sərəncamının icrası bu xəstəxanaya şamil olunmayıb.
Cənab Prezident!
Sizdən artıq dərəcədə xahiş edirik, müraciətimizi adekvat şəkildə cavablandırıb, göstərişlərinizi verəsiniz”.
Məktubun sonunda “Hürriyyət”dən xahiş olunur ki, onların şikayəti saytımızda dərc olunsun: “Hörmətli sayt rəhbərliyi, sizlərdən xahiş edir ik ki, bizim cənab Prezidentə olan məktubu işıqlandırasınız. Belə baxırıq ki, maneələr var, qoymurlar məktubumuz Prezidentə çatsın”.
Redaksiyadan: Qarşı tərəfin məövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//