Mövlud Çavuşoğlu: “Türkiyə-İsrail münasibətlərinin normallaşması üçün hər iki tərəfdə siyasi iradə var”
“Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılması üçün hər iki tərəfdə siyasi iradə var”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Eli Kohen ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyəyə ilk dəstək göstərən ölkələrdən biri İsraildir: “Kahramanmaraşda xilasetmə işlərinə ən böyük dəstəyi verən də məhz İsraildən gələn xilasedicilərdir və onlar 19 nəfərin dağıntılar altından xilas edilməsinə öz köməkliklərini göstəriblər. İsraildə bəzi bələdiyyə binaları türk bayrağı ilə işıqlandırıldı. Ölkəmizə dar gündə göstərilən bütün bu kimi dəstəkləri yüksək qiymətləndiririk”.
Nazir İsraillə Türkiyə münasibətlərinin yeni dövrə qədəm qoyduğunu söyləyib: “Bu gün bir daha gördük ki, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi üçün siyasi iradə var. Bütün bu və bu kimi məsələləri hörmətli həmkarım Eli Kohen ilə birlikdə müzakirə etmişik. İsrail XİN başçısı bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Kahramanmaraşda fəaliyyət göstərən israilli xilasedicilərlə görüşəcək”.