Cəmiyyət Manşet

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ədəd ambulans cəlb olunur

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ədəd ambulans cəlb olunur.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən icra edilən minatəmizləmə fəaliyyəti zamanı sahə işçilərinin təhlükəsizliyini təmin etmək, zərərçəkənə ilkin tibbi yardım göstərmək və onun hadisə yerindən dərhal təxliyyəsini təşkil etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələri, eləcə də müvafiq bilik və təcrübəyə malik həkim heyətinin sahələrdə mövcudluğu vacib amillərdən biridir.

ANAMA maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni təcili tibbi yardım nəqliyyat vasitələri əldə edib.

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Agentliyə təhvil verilən 24 ədəd ambulans işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.

Xüsusi təyinatlı “Qazel Biznes 221717” markalı tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə çantası kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir.

Təcili tibbi yardım nəqliyyat vasitələri (4×4) yolsuzluq şəraitində rahat və təhlükəsiz hərəkət üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları bədbəxt hadisələr, fərdi qəza və könüllü tibbi sığorta ilə təmin edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir