Vətəndaş Ramiz Şıxəliyev övladı Ceyhunun xəstəliyi ilə bağlı ötən ilin mayında aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə müraciət edib. Reportyor.info-ya danışan valideynin sözlərinə görə, özlərinə aid bank kartında təxmini 14 min vəsait yığılmışdı. “Amma Xoşqədəm xanımın paylaşdığı bank kartında ayrıca vəsait yığılıb. Orada daha çox məbləğ var. Biz efirlərə çıxdıqdan sonra Ankarada Gülhanə xəstəxanasına getdik, amma uşaq normal müalicə edilmədi, narazı qaldıq. Adını qoydular ki, gecikib. Bizim şəxsi kartda olan 10 200 dollarla Türkiyəyə getmişdik. Yəni efirdə yığılan puldan bizə verilməmişdi. Xoşqədəm Türkiyədə normal şəraitdə qalacağımıza söz vermişdi, onu da etmədilər, bərbad bir yerdə öz hesabımıza qaldıq. Bakıya qayıdandan sonra Xoşqədəm xanımdan pulu istədik. O da mənə dedi ki, uşaq sağalmayacaq. Sonra qayıtdı ki, çıx efirə və çağırış elə ki, həmin pul xəstə uşaqlara sərf edilsin, onda verəcəm. Mən də efirdə çağırış elədim, ondan sonra Xoşqədəm xanım yenə pulu vermədi, məni blok etdi. Hətta Azərbaycanda pulsuz loqoped vəd vermişdi, onu da etmədi. Bizi aldatdılar, Ceyhun üçün yığılan pulu vermədilər”.
Vətəndaş bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazova və Baş Prokuror Kamran Əliyevə müraciət edib: “Mən övladımın xəstəliyi üçün yığılan vəsaiti istəyirəm. Çox xahiş edirəm ki, dövlət bu məsələni araşdırsın. Əgər bu haqsızlığa son qoyulmasa Prezident Administrasiyası qarşısında intihar edəcəm”.//Reportyor.info//