DSMF-nin sərbəst vəsaitləri və gəlirlərinin MB-də saxlanması barədə layihə ilk oxunuşda qəbul olunub
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) DSMF-nin sərbəst vəsaitləri və investisiya gəlirlərinin Mərkəzi Bankda saxlanması barədə layihə Milli Məclisdə ilk oxunuşda qəbul olunub.
“Zirvə yolu” xəbər verir ki, layihə ilə Azərbaycanda DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib. Bu, “Sosial sığorta haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanunda yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilməsi təklif edilir. Həmin anlayışlar DSMF-nin investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.
Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.
Digər tərəfdən Qanunun 1-ci maddəsi sosial sığorta anlayışı adlansa da, Qanunda ayrıca anlayışlar maddəsinin olmaması, habelə digər maddələrdə də anlayış müəyyən edən normaların nəzərdə tutulması həmin müddəaların əlavə edilməsi təklif edilən yeni anlayışlarla vahid maddədə birləşdirilərək Qanunun 1-ci maddəsinin yeni redaksiyada verilməsini şərtləndirib. Bununla bağlı olaraq digər maddələrdə olan anlayış nəzərdə tutan normaların ləğv edilməsi təklif edilib.
Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin Qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.
Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.
Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.