Milli Müdafiə Universitetində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Regionda cərəyan edən proseslərin Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təsiri” mövzusunda “dəyirmi masa” keçirilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Milli Müdafiə Universitetinin rəhbər heyəti, Milli Məclisin deputatları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğulayıb.
Əminliklə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atmış və bundan sonra da atacaqdır.
General-leytenant H.Piriyev qeyd edib ki, qarşımızda duran əsas məqsəd Ali Baş Komandanın müəyyənləşdirdiyi vəzifələr, müdafiə naziri general-polkovnik Zakir Həsənovun qoyduğu tapşırıqlar əsasında ölkəmizin, müstəqilliyimizin və dövlətçiliyimizin müdafiəsini öz üzərinə götürəcək peşəkar kadrların hazırlanmasıdır.
“Dəyirmi masa”da digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüb, müasir dünya düzəninin yaradılmasından, eləcə də bu işdə Azərbaycanın öz mövqeyini möhkəmləndirməsində dövlətimizin apardığı siyasətin əhəmiyyətindən danışıblar.