Mixael Harms: “Pandemiyanın fəsadlarına baxmayaraq, Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsində əsaslı artım var”
COVID-19 pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var.
“Zirvə yolu” xəbər verir ki, bunu Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms Münxendə Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
Prezident İlham Əliyev Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verib. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.
Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib.