Cəmiyyət Manşet

“AZAL-ın biletləri ucuzlaşdırmasını heç vaxt görməyəcəksiniz” – Deputat belə deyir…

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev aviabiletlərin qiymətləri ilə bağlı bir sıra narazılıqlara münasibət bildirib.

“Mənzərə tam aydın görünsün deyə əvvəlcə aviabilet qiymətlərinin formalaşmasına təsir göstərən əsas xərc maddələrini sadalamaq istərdim. Bunlara aviayanacaq xərcləri, hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət, yığımların ödənilməsi üçün tələb olunan xərclər, aeronaviqasiya, o cümlədən digər istehsalat və inzibati-idarə xərcləri aiddir. Aviayanacaq 4 dəfəyə yaxın bahalaşıb”, – deyən Rzayev bununla həm də biletlərin ucuzlaşmasıyla bağlı gözləntilərin də üstündən xətt çəkib.

AZAL-ın qiymətləri ucuzlaşdırmaq əvəzinə daha da bahalaşdıracağı proqnozunu verməsi haqlı olaraq, cəmiyyətdə narazılıqlar yaradır. Xüsusilə bilet qiymətlərinə heç bir qrupa, o cümlədən tələbələrə endirim edilməməsi haqlı narazılığa səbəb olur.

Zirveyolu.info -ın məlumatına görə, millət vəkili Aqil Abbas Cebhe.info-ya açıqlamasında bildirib ki, qiymətlər bundan sonra da ucuzlaşmayacaq, əksinə bahalaşa bilər:

“İndiyə qədər bahalaşan bir şeyin sonradan ucuzlaşdığını görmüsünüz? Mən şəxsən, 60 ildir görməmişəm. AZAL-ın biletləri ucuzlaşdırmasını görə bilməzsiniz, heç vaxt da görməyəcəksiniz. Qalxan qiymət bir daha enmir, qalxa-qalxa da gedir, azaldığını heç vaxt görməmişəm. Bilet olsun, geyim olsun, ərzaq olsun, fərq eləmir. Türkiyədə baş verən zəlzələdən sonra da oradan qayıdan vətəndaşlar üçün bilet qiymətlərində güzəştə gedilmədi. Nə qədər tələbəmiz orada qaldı. Hətta quru sərhədləri açılmalıydı, tələbələr evinə gəlməli idi. Bunların hamısı olmalı idi, olmadı. Nəyə gücümüz çatar? Heç nəyə”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir