İlin ilk iki ayı ərzində beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.
“Zirvə yolu” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Əlcəzair millisinin üzvü Aymen Mahyos yer alıb.
Hücumçu ilin əvvəlində klublar arasında Afrika Konfederasiya Kubokunda (CAF Cup) çıxış etdiyi “USM Alger” üçün vurduğu 5 qola Afrika çempionatında daha birini əlavə edərək ümumilikdə 6 qolla siyahıya liderlik edir.
İkinci və üçüncü yerləri geridə qalan iki ayda hərəyə 5 dəfə fərqlənən Madrid “Real”ının braziliyalı forvardı Vinisius Junior və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən nigeriyalı Odion İqalo bölüşürlər.
“Əl-Hilal”ın digər üzvləri – Musa Mareqa (Mali) və Lusiano Vietto (Argentina), həmçinin “Bin Duonq”da çıxış edən Tin Lin Nquen (Vyetnam) və “Flamenqo”lu Pedro (Braziliya) 2023-cü ildə 4 dəfə fərqlənərək 4-7-ci yerləri tuturlar.