“Zirvə yolu” xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov geniş tərkibdə heyətlə iki günlük Azərbaycana səfər etdi. Şimal qonşumuzun xarici siyasətinə məsul olan baş diplomat Bakıda axşam saatlarında Azərbaycan lideri İlham Əliyevlə, səfərinin ikinci günü isə azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələr apardı.
İndiki məqamda Lavrovun Bakıya gəlişi heç də təsadüfü sayıla bilməz. Belə ki, son günlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, yekun sülh sazişinin imzalanması istiqamətində diplomatik hərəkətliliyin şahidi oluruq. Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüşü, daha sonra Konfrans çərçivəsində “Dağları aşmaq: Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda verilən bəyanatlar, Azərbaycan rəhbərinin jurnalistlərə müsahibəsində səsləndirdiyi bəyanatlar diplomatik hərəkətliliyin artdığına işarə idi. Konfransdan sonra rəsmi İrəvandan səslənən bəyanatlar, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri zamanı söylədiyi fikirlər də bu kontekstdə diqqətdən kənarda qalmamalıdır. Mirzoyan açıq şəkildə bildirdi ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına, sərhədlərin açılmasına hazırdır. Nəzərə almaq lazımdır ki, qardaş ölkə Türkiyə Ermənistanla sərhədlərini ermənilərin absurd torpaq, qondarma “soyqırımı” iddiaları ilə yanaşı, əsasən, Azərbaycan ərazilərinin işğalına görə bağlayıb. Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması, sərhədlərinin açılması da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından keçir.
Yəni ki, gedən diplomatik proseslər onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların blokdan çıxarılması kimi yekun sülhə aparan addımlar mövcuddur. Xüsusilə də tənzimləmədə Qərb aktivlik göstərməkdədir. Cənubi Qafqazda gedən geosiyasi proseslərdən isə Rusiya qətiyyən kənarda qala bilməz. Cənubi Qafqazı özünün “arxa baxçası” sayan Rusiya baş diplomatını Bakıya göndərməklə vəziyyətlə yerində tanış olmaq ehtiyacı hiss etmiş oldu.
Məlumdur ki, bu günlərdə özünü Qarabağdakı separatçı qondarma rejimin “dövlət naziri” adlandıran erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan “vəzifəsindən” göndərildi. Əlbəttə, o, “postunu” Moskvadan göndərilən təlimat əsasında tərk etdi. Birmənalı demək olar ki, Vardanyan “Moskvanın layihəsi” idi. Prezident İlham Əliyev bir neçə dəfə bəyanatlarında Vardanyanın Rusiyadan ixrac olunan fiqur olduğunu, onunla danışıqlara gedilməyəcəyini açıq şəkildə bildirmişdi. Sonuncu dəfə Azərbaycan liderinin Münhendə “rəsmi Bakı Qarabağdakı erməni icması ilə danışıqlar aparacaq, Azərbaycan vətəndaşlığını qəbul edən mülki ermənilərlə təmaslarda maraqlıdır, amma bu, xaricdən bəlli plan-proqramla göndərilən Vardanyan kimi separatçı ilə olmayacaq” tipli bəyanatı ilə əslində Moskvaya mesaj vermişdi. Azərbaycanın və onun liderinin milli maraqlar baxımından prinsipial mövqeyi, bir addım da geri addım atılmayacağını görən Moskvadakı başbilənlər “vardanyan planından” faktiki olaraq vaz keçdilər.
Qərbin sülh prosesində aktivliyini görən Moskva Lavrovun timsalında prosesdən kənarda olmadığını bəyan edir. Rusiyanın baş diplomatı “Bakının tələbi yerinə yetirildi, Vardanyan “vəzifəsindən” çəkildi” eyhamını yəqin ki, rəsmi görüşlərdə edib. Həmçinin güman ki, Rusiyanın bunun qarşılığında müəyyən istəkləri var ki, Lavrov onu “qovluğunda” Bakıya gətirib. Əminliklə demək olar ki, Azərbaycan milli maraqların əleyhinə olan heç bir təklifi qəbul etməyəcək. 44 günlük Vətən müharibəsindən sonra aparılan siyasət də bunun sübutudur. Azərbaycan Prezidentinin milli maraqlara zidd hansısa addımlar atmadığını sübut edən bir çox nümunələr var. Vətən müharibəsi dönəmində, ondan sonrakı dövrdə istər Qərb dairələrindən, istər Rusiyadan gələn təzyiqlərin şahidi olmuşuq. Amma Azərbaycan Prezidenti bunların hamısına sinə gərib və ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə zərər gətirəcək addımları bloklayıb.
Lavrovun Bakıdakı görüşləri ilə bağlı rəsmi açıqlanan məlumatlardan belə qənaətə gəlmək olar ki, Ukraynada qanlı müharibə aparan Rusiya Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla da münasibətlərinin korlanmasını istəmir. Nəzərə almaq lazımdır ki, Ermənistana acıqlı olan Moskva İrəvanın Qərbə yönəlik siyasətini bəyənmir. Lavrovun Bakıda Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər, İrəvana ittiham yönümlü mesajlar da bunu sübut edən faktdır. Rusiya XİN başçısı Avropa İttifaqının Ermənistana “mülki missiya” adı ilə göndərdiyi missiyanın fəaliyyətindən Rusiyanın narazı olduğunu açıq şəkildə bildirdi və bunun bölgədə sülhə yox, gərginliyə xidmət etdiyini bildirdi. Bu mənada, hesab etmək olar ki, Azərbaycanın tələblərinin bir-bir yerinə yetirilməsinə Rusiya maneə törətməmək kursu götürüb. Moskvanın mövqeyini qarşıdakı günlərdə və ya aylarda müşahidə edə biləcəyik.
Azərbaycan milli maraqlarının təmin olunmasını, ərazi bütövlüyünün tam bərpasını istəyir. Bu istiqamətdə də istər Qərblə, istər Rusiya ilə – bir sözlə qlobal güclərlə müzakirələrə açıq olduğunu göstərir. Rəsmi Bakının bir istəyi var – postmünaqişə dövrünün reallıqları əməldə həyata keçsin. Sərhədlər delimitasiya və demarkasiya olunsun, nəqliyyat-kommunikasiya açılsın, yükun sülh müqaviləsinə imza atılsın. Bütün diplomatik korpus bu yöndə fəaliyyət göstərməkdədir. Bu barədə Prezident İlham Əliyev və XİN başçısı Ceyhun Bayramov Bakının mövqeyini bir daha ABŞ dövlət katibi Blinkenə çatdırdığı kimi, Rusiyanın baş diplomatı Lavrovun da diqqətinə çatdırdı.
Erməni mediası öz mənbələrinə istinadən bildirir ki, Lavrovun Bakı səfəri zamanı Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində ekofəalların üç aya yaxındır davam edən etiraz aksiyası dayandırılacaq. Bunu mümkün hesab etmək olar. Bəzi mülahizələrə görə, Lavrovla bu məsələ müzakirə olunub, Azərbaycan dövlət qurumlarının Qarabağdakı faydalı qazıntılar yataqlarında monitorinq aparması razılaşdırılıb. Qeyd edək ki, aksiya “Ekoterrora son!” şüarı ilə keçirilir və tələb maddi sərvətlərimizin erməni quldurları tərəfindən talanına son qoyulmasıdır. Əgər bu problem həllini taparsa, aksiyanın davam etməsinə də ehtiyac qalmayacaq. Bəzi məlumatlara görə isə Azərbaycanın Rusiyadan növbəti tələbi Laçın yolunun Ermənistan tərəfindən girişində Azərbaycan sərhəd-keçid məntəqəsinin qurulmasına şərait yaratmasıdır. Azərbaycan öz ərazilərinə daxil olan insanlara və yüklərə nəzarət etmək kimi haqlı tələbini irəli sürür. Qarabağ məsələsi bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edibsə, o zaman sərhədində sərhəd-keçid məntəqəsini quraşdırmaq, gömrük postu yerləşdirmək təbii haqqıdır. Əlbəttə, bunun icazəsi nə Qərbdən, nə Rusiyadan alınmalıdır. Amma nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanata əsasən hazırda bölgədə Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilər var. Orada təhlükəsizliyin təmini məsələsində Rusiya ilə müəyyən mənada hesablaşmaq lazımdır.
NƏTİCƏ
Güman ki, biz yaxın aylarda sərhəd-keçid məntəqəsinin qurulmasını və rus hərbçilərlə birgə Azərbaycan dövlət orqanlarının da həmin keçid postlarında xidmətinin şahidi olacağıq. Çünki Azərbaycan addım-addım strateji hədəflərinə, tələblərinin icrasına nail olmaqdadır. Düzdür, Rusiya XİN başçısı Laçın yolundakı hazırkı rehimində dəyişikliklərə lüzum olmadığı fikrini irəli sürdü. Bildirdi ki, Laçın yolu Üçtərəfli Birgə Bəyanatda göstərilən kimi fəaliyyət göstərməlidir. Lakin əminlik var ki, qapalı danışıqlarda Bakı məsələdə təkid edib və mövqeyini qəti qoyub. Lavrovun Bakı səfəri zamanı növbəti hədəfə çatmaq istiqamətində ciddi müzakirələrin getdiyi ehtimalı böyükdür. Bu mülahizələrimizi təbii ki, açıq informasiyalar əsasında irəli sürürük. Hər halda bu ehtimallarımızın təsdiqi üçün kifayət qədər əsaslar da mövcuddur. Qarşıdakı proseslər, hadisələr indiki proseslərin nəticəsi olacaq. Lakin ani siyasi dəyişikliklər də mümkündür. Çünki dünyada bu gün gedən qlobal proseslər elə sürətlə dəyişir ki, nəyin-necə olacağını dəqiq proqnozlaşdırmaq mümkün olmur.
Nihat Qorqud Əliyev: Politoloq – İqtisadçı