Pakistan Türkiyəyə min ton humanitar yardım yüklənmiş gəmi göndərib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Qeyd olunur ki, “PNS Nasr” gəmisi fevralın 28-də Kəraçi limanından çıxıb və 14 gün sonra Türkiyənin Mersin limanına çatacaq. İki gündən sonra gəmi Suriyaya gedəcək.
Göndərilən yardımlara 1,8 min ədəd böyük qış çadırı, 29 min ədəd adyal, generatorlar, quru yeməklər, dərmanlar və Suriyadakı zəlzələdən zərər çəkənlər üçün geyimlər daxildir.
Nəşr qeyd edib ki, bu, Pakistandan Türkiyəyə göndərilən ilk yardım paketi deyil. Bundan əvvəl Pakistan Milli Fəlakət İdarəsi Türkiyəyə hava və avtomobil yolu ilə təxminən 7 min qış çadırı və 33 mindən çox adyal göndərib.