İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə Bankın “KOB İnvestisiya Fondu”nda iştirak imkanlarını müzakirə edib.
“Zirvə yolu” xəbər verir ki, bunu O.Məmmədov Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfransda bildirib.
“Gələcəkdə bu istiqamətdə praktiki addımların atılmasını təmin edəcəyik”, – deyə o qeyd edib.
KOBİA sədrinin sözlərinə görə, 18 yanvar 2017-ci il tarixində Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı arasında bağlanmış “Azərbaycan Respublikasında İslam Maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Sazişi” üzrə benefisiar qurum qismində KOBİA müəyyən edilib.
“Ötən dövrdə “Azərbaycanda İslam Bankçılığı üçün Hüquqi Çərçivənin İnkişaf Etdirilməsi” layihəsinin həyata keçirilməsinə dair konsorsium yaradılıb, ekspertlər aidiyyəti dövlət qurumlarında müzakirələr aparıb. Eyni zamanda Azərbaycanda İslam maliyyəsi ekosisteminin yaradılması üzrə Yol Xəritəsi və “İslam bankçılığı üçün təklif edilən qanunvericilik dəyişiklikləri” haqqında hesabat hazırlanaraq müvafiq dövlət qurumlarına aidiyyəti üzrə təqdim edilib”, – deyə sədr əlavə edib.
O. Məmmədov həmçinin deyib ki, investor axtarışında olan sahibkarlarla investorlar arasında birbaşa təmas yaratmaq məqsədilə Agentlik KOB investisiya portalı (invest.smb.gov.az) yaradıbvə istifadəyə verib: ” Artıq bu portalda 26 layihə təklifi, 6 hazır biznes satışı elanı, 1 françayzinq təklifi yerləşdirilib. Digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Agentlik Sahibkarlığın İnkişafı Fondu ilə bərabər 10 min manata qədər güzəştli kreditə ehtiyacı olan sahibkarlara təminatsız kreditləşmə mexanizminin tətbiqinə start verib və bu istiqamətdə işlər davam etdiriləcək”.