Futbol üzrə Azərbaycan millisi Kolumbiya yığması ilə yoldaşlıq görüşü keçirə bilər.
“Zirvə yolu”nun Kolumbiya mətbuatına istinadən məlumatına görə, adıçəkilən ölkənin seçməsi iyunda iki sınaq matçı keçirməyi planlaşdırır ki, mümkün rəqiblər sırasında Canni De Byazinin kollektivi də var.
Baş məşqçi Nestor Lorenzo Kolumbiya Futbol Federasiyasına iyunda milli komandalar üçün açılacaq pəncərədə Avropadan iki rəqib tapmağı tapşırıb. Hazırda cənubi amerikalıların seçim üçün üç variantı var – Polşa, Serbiya və Azərbaycan. Yerli federasiya tezliklə adıçəkilən milli assosiasiyalarla danışıqlara başlayacaq.
Qeyd edək ki, iyunun 12-20-si aralığı milli komandaların oyunlarına həsr olunacaq. Azərbaycan yığması iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniya seçməsini qəbul edəcək.