“Hazırda Azərbaycanda böyrək, qaraciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsi əməliyyatı icra olunur. Gələcəkdə bu siyahıya ürək, ağciyər və digər həyati vacib orqanların əlavə edilməsi nəzərdə tutulur”.
“Zirvə yolu” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək: “Aidiyyəti qurumların təmsil olunacağı komissiya həqiqətən də donorluğa ehtiyacı olan şəxsləri müəyyənləşdirəcək ki, hər hansı sui-istifadə halları olmasın”.
Mərkəz sədri əlavə edib ki, donor ola bilməyən şəxslərin xəstəliklərinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunub: “Orqan köçürülməsi yalnız reanimasiya şəraitində beyin ölümü keçirən şəxslərdən razılıq əsasında həyata keçirilir. Ona görə də tövsiyə edirəm ki, beyin ölümü keçirən yaxın qohumu olanlar könüllü şəkildə bizə müraciət etsinlər. Çünki növbədə gözləyən xeyli xəstə insanlar var”.