Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”
“Ötən gün Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli əməkdaşlığın daha səmərəli olması üçün zəruri məsələdir”.
“Zirvə yolu” xəbər verir ki, bunu Almaniyanın Bonn Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Saymon Tsipis deyib.
O vurğulayıb ki, Azərbaycan və İsrailin əməkdaşlıq edə biləcəyi bir çox sahələr var.
S.Tsipis əlavə edib ki, məsələn, yüksək texnologiyalar sahəsi ən vacib istiqamətlərdən biri ola bilər: “İsrail xüsusilə, kibertəhlükəsizlik və vacib infrastruktur sahəsində yüksək texnoloji həllər və proqram təminatının hazırlanması və tətbiqi üzrə dünyanın aparıcı ölkələrindən biridir. Beləliklə, Azərbaycan müasir dövlət kimi inkişaf etməkdə, İsrail isə məhsullarını ixrac etməkdə maraqlıdır”.
Politoloq qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında İsrail ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq da mühüm yer tutur.
Onun sözlərinə görə, əməkdaşlığın digər mühüm istiqaməti isə terrorçuluğa qarşı birgə mübarizədir: “İsrailin terrorçuluğa qarşı mübarizədə böyük təcrübəsi var. Bu böyük təcrübə Azərbaycan hakimiyyəti ilə tərəfdaşlıq üçün əlverişli sahə kimi qiymətləndirilə bilər”.
Professor iki ölkə arasında münasibətlərin tarixi köklərə malik olduğunu da xatırladıb: “Xəzər imperiyası dağıdılandan sonra bir çox xəzərlər iudaizmi qəbul etdilər. Buna görə də İsraildə, həmçinin bütün dünyada (əsasən Şərqi Avropada – aşkenazilər) bir çox yəhudi əslində xəzərlərin nəslindəndir. Azərbaycanlıların əksəriyyəti etnik baxımdan əsasən xəzərlərin nəslindəndir”.
Onun fikrincə, bu, İsraillə müasir Azərbaycan arasında tarixi və mədəni baxımdan münasibətlərin daha yaxın olmasını şərtləndirir.