Notariuslar sosial xidmət müəssisələrinə yerləşdirilənlərdən nəqliyyat xərclərini tələb edə bilməyəcək
Azərbaycanda notariuslar sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərdən nəqliyyat xərclərini tələb etməyəcək.
“Zirvə yolu”nun xəbərinə görə, bununla bağlı “Notariat haqqında” qanuna dəyişiklik edilir.
Hazırda notarius yerlərindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxslər tərəfindən ödənilir. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə görə sosial xidmət müəssisələrinin müdiriyyətinin etibarnamə vermə səlahiyyəti məhdudlaşdırıldığından və notarius xidmətinə ehtiyacın yarana biləcəyindən qanuna müvafiq dəyişiklik edilməsi zərurəti yaranır. Belə ki, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz. Notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməyəcək.
Layihə bu gün I oxunuşda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.