“Azərbaycanla Fələstin arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlər inkişaf edir”.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 30-da rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilərkən deyib.
Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.