Cəmiyyət

“BakuBus”dan nazirin bacanağının şirkətinə cavab: – “Əsassız iddiadır”

“Azsığorta” ASC-nin “BakuBus” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddia əsassızdır.

Zirveyolu.info bildirir ki, bu barədə Qaynarinfo-ya “BakuBus” MMC-nin hüquq sektorunun müdiri Rüstəm Cəfərov bildirib.

Məlumat üçün deyək ki, “Azsığorta” ASC “BakuBus” MMC tərəfindən sığorta öhdəliklərinin pozulması iddiası ilə məhkəməyə müraciət edib. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

Rüstəm Cəfərov isə bildirib ki, “Azsığorta” ASC 22 iyun 2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ödədiyi 5860 manat sığorta ödənişini, subroqasiya qaydasında “BakuBus” MMC-dən tutulmasından ötrü Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

“Biz “BakuBus” MMC olaraq yuxarıda qeyd edilən məbləğin 860 manatını 19.02.2016-cı il tarixində, 5000 manatını isə 19.01.2017-ci il tarixində rəsmi qaydada “BakuBus” MMC-nin bank hesabından “Azsığorta” ASC-nin bank hesabına köçürmüşük. Görünür, “Azsığorta” ASC-də şöbələr arasında əlaqələr kifayət qədər yaxşı olmadığından və işə qeyri-peşəkar yanaşmaları nəticəsində 2017-ci ildə öhdəliyini tam şəkildə icra edilməsinə baxmayaraq, 2023-cü ildə eyni iş üzrə yenidən məhkəməyə müraciət edilib”, deyə sektor müdiri əlavə edib.

Rüstəm Cəfərov əlavə edib ki, məsələ ilə bağlı “Azsığorta” ASC-yə məlumat verilib: “Ümid edirik ki, ən qısa zaman ərzində əsassız iddialarını geri çəkmələri üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəklər. Əks təqdirdə “BakuBus” MMC-nin iş güzar nüfuzuna xələl gətirdiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcək”.

Məsələ ilə bağlı “Azsığrota”dan münasibət öyrənmək mümkün olmayıb.

“BakuBus” MMC 2014-cü ildə yaradılıb. Əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən MMC 2018-ci ildə BNA-nın tabeliyinə verilib.

“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir