İdman

Eldəniz Əzizli: “Hədəfim medal qazanmaq deyil, Avropa çempionu olmaqdır”

“Əsas hədəfim medal qazanmaq yox, üçüncü dəfə çempion olmaqdır”

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli aprelin 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı ölkə tarixində Hacı Əliyev (sərbəst güləş) və Rafiq Hüseynovun bunu bacardığını bildirib: “Avropa çempionu olub onlara çatmaq istəyirəm. Yarışa hazırlıq yaxşı gedir. Xorvatiyada və Gürcüstanda təlim-məşq toplanışı keçmişik. Sonuncu hazırlıq prosesi isə Bakıda gerçəkləşəcək. Yarışa yaxşı formada yollanacağımızı düşünürəm”.

İkiqat Avropa çempionu hələlik öz çəkisində qalacağını diqqətə çatdırıb: “Avropa və dünya çempionatında güləşdikdən sonra Yay Olimpiya Oyunlarına lisenziya üçün çəkimi dəyişmək istəyirəm. 60 kq-da kimsə dünya çempionatına lisenziya qazanmasa, ondan sonra təsnifat turnirinə qatıla bilərəm. Amma hələlik dünya və Avropa çempionatında öz çəkimdə güləşmək niyyətindəyəm. Çünki üçüncü dəfə dünya çempionu olmaq və yeni tarixi uğura imza atmaq arzularımdan biridir”.

Təcrübəli güləşçi komanda yoldaşlarının hər birindən uğurlu nəticə gözlədiyini söyləyib: “Ən azı üç idmançımızın finala yüksələcəyinə inanıram. Keçən il Rafiqlə mən qızıl medala sahib çıxdıq. Bu dəfə bunun daha çox olacağına ümid edirəm. Komanda olaraq əlimizdən gələni edəcəyik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir