Nəsimi Rayon ( XALQ ) Məhkəməsi kimin hüququnu qorumalıdır: sakinlərin, yoxsa şirkətin..? Sözün düzü, MTK ( Mənzil Tikinti Kooperativi ) mövzusunda yazmaq artıq öz aktuallığını itirib. Nə üçün..?
Birincisi, ona görə ki, biz bir media olaraq ilk dəfə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi haqqında, MTK ilə bağlı uzun qanunları qısa və sadə dildə yazıb vətəndaşlara demək istədik ki, MTK-lar adi şirkət-zad deyil, bu siz mülkiyyətçilərin-payçıların qurumudur. Yəni bu binalar barədə ancaq və ancaq siz payçılar qərar verə bilərsiniz. MTK-nın sədri kimdir, binanın komendantı nəçidir..?
Bir daha deyirəm ki, bu mürəkkəb qanunu sadə, hətta loru dildə insanlarımıza aydın etməyə çalışmışıq.
İkincisi, MTK-ların arxasında böyük dövlət qurumları dayanıb, prokurorluq, məhkəmə, nə bilim polis, FHN, Şəhərsalma və Arxitektura və daha nələr. Yəni biçarə medianın bu boyda dövlət qurumları ilə mübarizə aparması çox çətin məsələdir.
Bu anda yadıma bir neçə gün əvvəl rejissorlardan birinin dediyi fikir düşdü: “Cənab Prezidentimiz kino çəkilişi üçün Mədəniyyət Nazirliyinə 7 milyon pul ayırmışdı…hamısını basıb yedilər”. Bunu nə üçün yada salıram. Bu gün telekanallarda o qədər səviyyəsiz, ərə getmə, evlənmə kimi verilişlərə pullar ayrılır. Nə olar ki, o pulun hesabına hər həftə bir neçə mütəxəssis, inşaatçı, hüquqşünas və s. dəvət edilib vətəndaşlara yuxarıda qeyd elədiyim qanunun maddələri sadə dildə başa salınsın. Ki, ay adam, MTK-nın tikdiyi bina, ərazi, zirzəmi və daha nələr…sənə məxsusdur, MTK-nın direktoruna yox.
Bilirsiniz, qəzetin, saytın auditoriyası ilə televizya tam fərqlidir. Qoy insanlar öz hüquqlarını bilsinlər. Vəssəlam. Sonra problem tədricən çözüləcək. Ən vacib məsələ insanlara hüquqlarını başa salmaqdır. Bunu istəyirlərmi..?
Bəli, bir daha tam məsuliyyətlə qeyd edirik ki, MTK-ların arxasında “dövlət maşını” dayanıb.
Nə isə sözün qısası, belə MTK-lardan biri də Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın sakinlərinin hüquqlarını pozan “Sahil-R” MTK-dır. Yazıq binanın sakinləri bu ölkədə şikayət etmədikləri dövlət qurumu qalmayıb. Təkrarçılıq olsa da qeyd etmək istəyirik ki, MTK-ların inşa etdikləri binanın sakinləri Qanunvericiliyə uyğun olaraq binanın sahibləri-payçıları hesab olunur.
Qanunvericiliyə uyğun olaraq bina istismara təhvil veriləndən 6 ay sonra binanın idarəçiliyi sakinlərə, yəni payçılara verilir. Sakinlər isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ( MMMC ) yaradaraq idarəetməni öz üzərinə götürür. Bu qədər sadə və bəsit. Amma “Sahil-R” MTK-nın rəhbərliyi qanunvericilik-zad saymır.
Təsəvvür edirsiniz, MTK-nın rəhbərliyi binanın zirzəmisini BAZARSTORE-yə icarəyə verib. Bir soruşan yoxdur ki, bu mülkiyyətin sahibi sən deyilsən, axı…
Bina sakinlərinin dediyinə görə, daha bir ciddi problem binada quraşdırılan liftlərdir. Belə ki, liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. Bununla bağlı sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verib. Amma bu günədək problem aradan qaldırılmayıb. Bu hələ harasıdır..?
Bütün bunlar azmış kimi MTK rəhbərliyi yuxarıda qeyd etdiyimiz kimi binanın zirzəmisini “Bazar Store” və başqa ərazini “SunLab”a icarəyə verib. Və həmin obyektlərdəki avadanlıqların istismar zamanı yaratdığı yüksək səs-küy sakinlərin rahatlığını, istirahətini pozur. Və ən əsası Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib. Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib. İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Təsəvvür edirsiniz məhkəmə-hüquq sistemi VƏTƏNDAŞI deyil, MTK-nın sədrini müdafiə edir. Yaxşı, bunu qoyaq bir kənara. Bəs, məhkəmə-hüquq sistemi dövlətin iki qurumunu- Səhiyyə Nazirliyini və Ekologiya Nazirliyini niyə vecinə almır..?
İndi gördünüzmü, bu MTK-ların arxasında güclü dövlət maşını var. Amma binanın sakinləri də dayanmadan Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər.
Ümid edirik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində başlayan islahatlar nəticəsində “Sahil-R” MTK kimi şirkətlərin rəhbərləri yaxın zamanda həbs olunacaq. //gundelik-baku.com//