Cəmiyyət Manşet

Onlar Azərbaycan vətəndaşlarını girov götürüblər: “Bədbəxtlik ondan ibarətdir ki…”

Martın 13-də Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün Bakıda görüşə dəvət etdi.

Dəvətdən xeyli müddət keçməsinə baxmayaraq, erməni tərəfi dialoqdan hər üsulla yayınır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Musavat.com-a açıqlamasında bildirib ki, dünyada sivil münasibətlərdə qəbul olunmuş yeganə ünsiyyət və problemlərin həlli forması dialoqdur.

704af9b3-7f11-31b7-bb7f-68770e1632bc_850.jpg (77 KB)

Millət vəkili vurğulayıb ki, dialoqdan qaçmaq ən qəbulolunmaz bir davranış göstəricisidir:

“Bütün dünya bu regionla hansısa bir məsələni müzakirə edəndə birinci sözü dialoq olur. Hər hansı bir tərəf dialoqdan imtina edirsə, deməli, o tərəf real insan haqlarının, humanitar məsələlərin, regionda sülhün ən yüksək formada bərqərar olmasının tərəfdarı deyil, məhz öz məqsədlərinin siyasi motivlərini həyata keçirmək niyyətindədir. Biz dəfələrlə bütün səviyyələrdə dialoqdan danışmışıq və dialoqu real şəkildə təklif etmişik. Cənab Prezident də, Milli Məclis də, konkret deputatlar da bunu deyib. Biz dialoqdan qaçmağı və siyasi motivlərlə vəziyyətin gərginləşdirilməsini görürük. Ancaq bunun mənfi nəticələri ilk növbədə orada yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə təsir edəcək. Bədbəxtlik ondan ibarətdir ki, orada olan radikallar, revanşistlər və terror qruplarının nümayəndələri məhz bunun marağındadırlar və faktiki olaraq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarını girov götürüblər. Onları azad etmək üçün hər bir hərəkətdən istifadə etmək lazımdır. Danışıqlar kömək etmirsə, bütün başqa vasitələrdən istifadə olunmalıdır ki, həmin vətəndaşlar öz həyatlarını normal şəkildə təşkil edə bilsinlər. Layiqli Azərbaycan vətəndaşı olsunlar, Azərbaycan Konstitusiyasının imkan verdiyi imtiyazlardan sərbəst istifadə etsinlər”.

Səməd Seyidovun sözlərinə görə, hər bir dialoqdan imtina Azərbaycanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır:

“Bu da təbiidir. Növbəti imtina Azərbaycan ordusunun daha əlverişli mövqelərdə yerləşməsinə gətirib çıxardı. Bu proses davam etdiriləcək. Bu proses dialoqla müşahidə olunmayacaqsa, hər bir imtina Azərbaycanın mövqeyinin daha yüksək səviyyədə özünü göstərməsində əks olunacaq. Erməni tərəfi – xüsusilə orada yaşayan insanlardan istifadə edən, onları alətə çevirən qurumlar, insanlar nə qədər tez dərk etsələr ki, onların apardığı siyasət uçurum, dağıdılma siyasətidir və bu siyasətin sonu yoxdur, bir o qədər orada yaşayan insanlar üçün yaxşı olar. Mən əminəm ki, biz bu istiqamətdə ardıcıl addımlarımızı atacağıq, hər iki istiqamətdə – həm dialoq, həm də nəzərdə tutulan digər addımlar. Orada yaşayan insanları onları alətə çevirmiş qurumlardan, təşkilatlardan, radikallardan azad etmək istiqamətində konkret addımların atılması məqsədəmüvafiqdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir