“Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.
“Zirvə yolu” xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən meşə massividir: “Bu meşələr Pleistosen dövründə buzlaşmaya məruz qalmış və planetimizdə öz unikallığını qoruyub saxlaya bilən nadir ekosistemlərdən biridir. Bu baxımdan qədim relikt növlərlə zəngin olan Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq UNESCO-nun Təbii İrs Siyahısına daxil edilməsi təklif edilib.
Bu məqsədlə hazırlanmış nominasiya sənədinə əsasən Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib”.
Nazir qeyd edib ki, Yer kürəsində yayılmış 2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür və ölkəmiz dünya üzrə bu sahədə özünəməxsus yer tutur: “Bu səbəbdən TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 8-ci iclasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq, Azərbaycan ərazisində geoparkların yaradılması və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması istiqamətində işlərə başlanılıb.
İnanırıq ki, palçıq vulkanları əsaslı geoparkın yaradılması ölkədə geoturizmin inkişafına və Azərbaycanın palçıq vulkanlarının ən çox yayıldığı ölkə kimi tanınmasına təkan verəcək”.