Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən dəvət alıb.
“Zirvə yolu” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası aprelin 12-də “Olimpiakos” və AEK komandaları arasındakı matçı idarə edəcəklər.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma martın 1-də keçirilməli idi. Görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt oyuna təyinat almışdı.