AGF-nin baş katibi: “Gimnastların beynəlxalq yarışlardakı nəticələri Bakı məktəbinin uğurundan xəbər verir”
“Azərbaycan gimnastlarının irimiqyaslı beynəlxalq yarışlarda göstərdikləri nəticələr Bakı məktəbinin uğurundan xəbər verir”.
“Zirvə yolu”nun məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Bakıda təşkil edilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin açılış mərasimi zamanı çıxışında deyib.
O, mötəbər yarışa artıq üçüncü dəfədir ev sahibliyi etdiklərini xatırladıb. Nurlana Məmmədzadə əlavə edib ki, 2018 və 2019-cu illərdə Bakıda baş tutan yarışdan fərqli olaraq, bu dəfə 14 ölkədən həm gənclər, həm də böyüklər yaş kateqoriyasına daxil olan 119 zərif gimnast mübarizə aparacaq: “Ölkəmizdə belə yarışların təşkili heç də təsadüfi deyil. Bu da öz növbəsində paytaxtımızda keçirilən beynəlxalq yarışlara xarici gimnastların marağını artırmaqla yanaşı, Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edən gimnastların sayını günü-gündən artırır”.
Baş katib çıxışı zamanı bildirib ki, bütün bunlar dövlət tərəfindən Azərbaycanda idmanın inkişafına göstərilən diqqət, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında görülən işlərin nəticəsidir.
Nurlana Məmmədzadənin sözlərinə görə, gənc və böyük gimnastlar həm fərdi, həm də qrup hərəkətləri komandaları şəklində mübarizə aparacaqlar.
O, Azərbaycanda keçiriləcək Dünya Kubokuna və Avropa çempionatına hazırlığın davam etdiyini də vurğulayıb: “Gələn həftə burada bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək. Azərbaycanda keçirilən ilin ən mötəbər yarışlarından biri mayda təşkil olunacaq Avropa çempionatıdır. Yerli təşkilat komitəmiz qarşıdakı yarışlara böyük səylə hazırlaşır”.
Qeyd edək ki, bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri aprelin 16-dək davam edəcək.