“İMECE” sayəsində kosmik sahədə xaricdən asılılığımız minimuma düşəcək”.
“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkənin ilk müşahidə peyki “İMECE”nin kosmosa buraxılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, Türkiyənin qazandığı uğurların, əldə etdiyi hər bir nailiyyətin arxasında böyük zəhmətin dayandığını söyləyib.
Türkiyənin gündən-günə daha da böyüdüyünü və inkişaf etdiyini vurğulayan nazir ölkəsinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının və elektrik avtomobilinin əhəmiyyətli olduğunu bildirib.
Qarşıda dəf edilməsi lazım olan xeyli maneələrin mövcud olduğunu deyən nazirin sözlərinə görə, artıq Türkiyə həmin problemlərin öhdəsindən gələ biləcək insan resursuna sahibdir.
M.Varank “İMECE”nin istehsalında rolu olan hər kəsə təşəkkür edib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə çıxışı zamanı vurğulayıb ki, “İMECE”nin kosmosa buxarılması ölkəsi üçün qürurverici hadisədir. O bildirib ki, dünyada və ölkəsində texnologiya sahəsində ciddi proseslər gedir. Nazir buna görə də yaranan fürsətlərdən istifadə etməyin zərurliyini vurğulayıb.
H.Akar söyləyib ki, “İMECE” Türiyə Silahlı Qüvvələrinin də fəaliyyətinə müsbət təsir edəcək: “Biz NATO-nun kosmik fəaliyyətinə ciddi töhfə veririk. Bu mənada “İMECE” də bizə kömək edəcək. Amma gördüyümüz işlər kifayət deyil. Təbii ki, işlərimizi davam etdirəcəyik. Hədəfimiz kosmik sənayedə qabaqcıl ölkələrdən biri olmaqdır. Mən də öz növbəmdə “İMECE”nin yaeadılmasında xidmətləri olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, “İMECE” bu gün kosmosa buraxılacaq.
Xatırladaq ki, texniki səbəblərə görə “İMECE”nin kosmosa buraxılması 2 dəfə təxirə salınıb.