Hurriyyet.az-a müraciət edən Cəlilabad rayon sakini Namiq Ərşət oğlu Qənbərov 27 ildir vərəm xəstəsi olduğunu, 2-ci qrup əlil kimi pensiya aldığını, lakin artıq pensiyasının dayandırıldığını bildirməklə yanaşı, Cəlilabad Rayon Xəstəxanasında yaşanan özbaşınalıqdan şikayətlənib.
Hərbi xidmət dövründə vərəm xəstəliyinə düçar olduğunu iddia edən şikayətçinin sözlərinə görə, bu il fevral ayının 22-də Cəlilabad Rayon Xəstəxanasının mühafizəçisi ona güc tətbiq edib, divara çırpıb və nəticədə ağzından qan gəlib: “Son günlər xəstəliyim lap ağırlaşıb, asmam da var. Ailəm 5 nəfərdən ibarətdir, lakin heç bir yerdən gəlirimiz yoxdur. Oğlum 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, 2 şəhid vermişik. Amma məmurlar bizi məhv edir. Cəlilabad Rayon Xəstəxanasında özbaşınalıq baş alıb gedir. Belə ki, fevralın 22-də xəstəxanada mühafizəçi məni divara vurub, ağzımdan qan gəlib. Təcili yardım iynə ilə qanı dayandırdı”.
Cəlilabad Rayon Polis Şöbəsinin isə buna əhəmiyyət vermədiyini deyən Namiq Qənbərov bildirib ki, pulu və adamı olmadığından izahatı ona xəsarət yetirən mühafizəçinin xeyrinə dəyişiblər: “Bundan başqa, Cəlilabad Rayon Xəstəxanasının işçiləri də mənə hədə-qorxu gəlirlər. Mən ağır xəstəyəm, odur ki, gücüm ancaq etiraz əlaməti olaraq aclıq aksiyası keçirməyə çatır”.
Hurriyyet.az