Cəmiyyət

“Ucar rayon xəstəxanası sanki TƏBİB-in yadından çıxıb” – GİLEY

Ucar rayonu, Bərgüşad kənd sakini Məmmədova Hökumə Şirəli qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi rayon xəstəxanasında ondan qanunsuz olaraq pul tələb edildiyini yazır. Həmin məktubu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, Ucar rayon Mərkəzi Xəstəxanasının Ulturasəs Müayinə (USM) üzrə həkimi İlahə Ağayeva müayinə olunmağım üçün məndən pul tələb etdi. Maddi imkanım olmadığı üçün pul verə bilməyəcəyimi dedim, bu zaman o, məni təhqir etdi.

Qeyd edim ki, oxşar vəziyyət Ucar rayon Mərkəzi Xəstəxanasında dəfələrlə baş verib.

Mən ağır qaraciyər xəstəliyindən əziyyət çəkirəm. 14 aprel 2023-cü il tarixdə Ucar rayon Mərkəzi Xəstəxanasında olub, müayinə edilməyim üçün İlahə həkimə müraciət etmişəm. Nəticədə isə istədiyi pulu verə bilmədiyim üçün məni müayinə etmədi, üstılik alçaldıcı sözlərlə təhqir etdi. Mənə dedi ki, “yekə arvadsan, utanıb ölmürsən?! Pulun yoxdursa, Bərgüşad kəndindən bura niyə gəlmisən? Sənə sərf etdiyim vaxtı başqa pulverən xəstəyə sərf edərəm”.

Bir sözlə, Ucar rayon Mərkəzi Xəstəxanasında özbaşınalıqlar baş alıb gedir, insanlar buna görə çox əziyyət çəkirlər.

Mənim həyat yoldaşım vəfat edib, ağır xəstəliyə görə heç bir yerdə işləmirəm. Oğlum ali təhsilini bitirərək hərbi xidmətə gedib, hazırda cəbhə bölgəsində hərbi xidmət keçir. Dövlətimiz tibbi sığorta haqqında qanun qəbul edib ki, buna görə dövlət xəstəxanasında pulsuz müayinə olunmalıyam. Ancaq bu qanunlar Ucar rayon Mərkəzi Xəstəxanasında heç vaxt işləmir. Sanki Ucar rayon xəstəxanası TƏBİB-in yadından çıxıb.

Mənə qarşı edilən qanunsuzluqlar barədə TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova və TƏBİB-in İdarə Heyətinin sədri cənab Zaur Əliyevə şikayət ərizələri ilə müraciət etmişəm. Həmçinin, mətbuat vasitəsilə də onlardan xahiş edirəm ki, şikayət ərizəmi obyektiv araşdırıb, qanuni və ciddi tədbir görsünlər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir