Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək taekvondo üzrə klublararası Avropa çempionatında iştirak edəcək Azərbaycan komandalarının heyətləri bəlli olub.
“Zirvə yolu”nun məlumatına görə, bu gün start götürəcək qitə birinciliyində Azərbaycanın 5 klubu mübarizə aparacaq.
Millinin aparıcı üzvləri “Gilan” İdman Klubunun heyətində yer alacaqlar. Reza Mehmandost və Elnur Amanovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Əliəsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) çıxacaqlar.
“Gilan”a qadınların yarışında Sun Mi Park və Hyeyounq Çoi rəhbərlik edəcək. Onlar çempionatda Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə (hamısı 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova, Pəniz İsmayılpur (hamısı 53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcəklər.
“Fərasət” klubu böyüklərin mübarizəsində Riyad Şirəliyev (68 kq), gənclərdə İbrahim Mehbalizadə (48 kq) ilə təmsil olunacaq.
Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzi də Avropa çempionatında iştirak edəcək. Nicat İsmayılzadə (80 kq) böyüklər, Murad Məmmədov (59 kq) gənclər arasında qüvvəsini sınayacaqlar.
Gənc taekvondoçuların yarışında məşqçi Zahid Nadirovun rəhbərliyi altında “Alpman” gücünü sınayacaq. O, Bolqarıstanda Səlimə Quliyeva (42 kq) və Vüqar Bağırova (63 kq) şans verəcək.
“Sumqayıt” isə səfərə Aylin Eynullayeva (49 kq) ilə yollanıb.
Yarışda referilər arasında beynəlxalq dərəcəli Aygül Abdullayeva da yer alacaq.
Klublara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Qeyd edək ki, üç gün davam edəcək Avropa çempionatına 2000-dən artıq taekvondoçu qatılacaq.