“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Alfa Tauri” komandası Azərbaycan Qran-prisinin sprint yarışı zamanı pilotun bolidi trekdə təhlükəli vəziyyətdə tərk etməsi səbəbindən 5 000 avro məbləğində cərimələnib.
“Zirvə yolu” xəbər verir ki, stüardlar “Alfa Tauri” mexaniklərinin işindən narazı qalıblar.
Yarış zamanı Yuki Tsunodanın idarə etdiyi bolidin təkəri çıxıb və ön qanadı qırılıb. Pit-stopa gedən yolda pilot çıxışı davam etdirmək istəməyib. Ancaq mexaniklər yeni təkər və qanad taxaraq, maşının vəziyyətini qənaətbəxş sayıblar.
Buna baxmayaraq, trasa qayıtdıqdan dərhal sonra boliddə yenidən problem yaranıb və Tsunoda onu trekin yan tərəfində saxlamalı olub. Artıq bundan sonra mübarizəni davam etdirmək mümkün olmayıb.
Hakimlərin fikrincə, komanda bolidi trasa yollamazdan əvvəl onun vəziyyətini daha diqqətlə öyrənə bilərdi. Bunu “Alfa Tauri” təmsilçisi də etiraf edib.
Qeyd edək ki, Yuki Tsunoda aprelin 28-də keçirilən sıralama turunda ən yaxşı 8-ci nəticəni göstərib.