Futbol üzrə Fransa Kubokunun final görüşü keçirilib.
“Zirvə yolu” xəbər verir ki, turnirin həlledici görüşü “Stad de France” stadionunda “Tuluza” və “Nant” komandaları arasında oynanılıb.
Gərgin keçən görüş “Tuluza” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1.
“Tuluza” klubundan Loqan Kosta (4-cü və 10-cu dəqiqələr), Teys Dallinqa (23, 31) və Zəkəriyyə Abuxlal (79) fərqlənib.
“Nant” komandasından yeganə qolun müəllifi Lüdovik Blas olub.
1970-ci ildə qurulan “Tuluza” öz tarixində ilk titulunu qazanıb. Komanda gələn mövsüm Avropa Liqasında çıxış edəcək. “Nant” ötən il də daxil olmaqla dörd dəfə Fransa Kubokunu qazanıb.
Fransa Kubokunda qələbələrin sayına görə rekordçu “Paris Sen-Jermen”dir.