“Sabah”ın futbolçusu Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb.
“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, bir mövsümdə yüksək liqada ən çox qol vuran ukraynalı oyunçu rekordunu təkrarlayıb.
Bu, Premyer Liqanın XXXII turunda “Şamaxı” ilə matça təsadüf edib. Komandasının 1:0 hesablı qələbəsinin memarı olan Kaşuk cari mövsüm qollarının sayını 15-ə çatdıraraq, həmyerlisi Leonid Kalfaya məxsus rekordu təkrarlayıb.
“Neftçi”də çıxış etmiş Kalfa 1998/1999 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. O, həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15 qola çatıb.
Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/2009) yer alıblar.