Manşet Siyasət

Deputatlar televiziyaların fəaliyyətini tənqid ediblər: “Tamaşaçıların sayı ən azı 10 dəfə azalıb” – YENİLƏNİB

“Düşünürəm ki, media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda, maarifləndirməkdir. İnsanlarımızın bizə ən çox narazılıqlarının biri də bununla bağlıdır. O baxımdan televiziyalarımız maarifləndirmə proqramlarına daha geniş yer verməlidirlər”.

“Zirvə yolu”nun xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Anlayıram ki, televiziyalar xərclərini ödəmək üçün əyləncə verilişlərinə daha çox üstünlük verirlər. Ancaq onlar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərimizin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər. Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik”, – deputat bildirib.

C.Məmmədov qeyd edib ki, ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur:

“İnsanların çoxu sosial şəbəkələri izləyir. Sosial media siyasətimizə də yenidən baxmalı, bu istiqamətdə də fəal iş aparmalıyıq. Biz informasiyaları elə təqdim etməliyik ki, insanlar ona baxsınlar. Bəzən televiziyada bir verilişə min adam baxırsa, sosial mediada milyonlarla insan baxır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə bildirib ki, bu gün televiziya kanalları cəmiyyəti pozan verilişlər yayımlayır.

O söyləyib ki, televiziyalar milli mentalitetimizə uyğun olmayan verilişlər verirlər: “Bu verilişlər milləti millət olmaqdan çıxarır. Hər şey millətin mədəniyyətinə uyğun olmalıdır, xalqın dövlətin, gələcəyini düşünməlidir. Aktyorlar, başqaları çıxırlar efirə yarı Azərbaycan, yarı rus dilində danışırlar. Onlar kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır”.

12:29

“Araşdırmalara görə, yerli televiziya kanallarına baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb. Səbəblər dərin və çoxşaxəlidir”.

“Zirvə yolu” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, artıq 10 illərdir davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların televiziya kanallarının əsas simasına çevrildiyi görünür:

“Onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüşü, mədəniyyəti və dəyərləri ciddi deformasiyaya uğramaqdadır. Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin – müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilir. Bunun nəticəsində isə bir neçə aparıcı və televiziya kanalı reklam, sərvət toplayır. Telekanallarımızın siması Zəfərimizin parlaq tablosuna uyğun deyil. TV-lərdə nümunəvi Azərbaycan ailə modeli bu və ya digər şəkildə nəinki təbliğ edilir, əksinə evlilik şoularında bu dəyərlərə ən böyük zərbə vurulur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir