İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.
“Zirvə yolu”nun məlumatına görə, “Frosinone” B seriyasında sona 3 tur qalmış mövsümü ilk iki pillədə başa vurmağı rəsmiləşdirib.
XXXV turda “Recina”nı 3:1 hesabı ilə məğlub edən Fabio Qrossonun komandası üçüncü pillədəki “Bari” üçün əlçatmaz olub. Çünki aktivində 71 xal olan “Frosinone” “Bari”ni 10 xal qabaqlayır. A seriyasına vəsiqə verən ikinci yerdə isə “Cenoa” (67 xal) qərarlaşıb.
Çempionatda 3-8-ci yerləri tutacaq komandalar A seriyasına üçüncü vəsiqə uğrunda pley-off matçları keçirəcəklər.
Qeyd edək ki, “Frosinone” tarixində üçüncü dəfə A seriyasında çıxış edəcək. Komanda daha əvvəl 2015/2016 və 2018/2019 mövsümlərində bunu bacarsa da, hər iki halda 19-cu yeri tutaraq, elitanı tərk edib.