Xəbər

Yeni nazir kənd təsərrüfatının MƏCNUNU OLA BİLƏCƏKMİ? – Köhnə nazir İNAMIMIZI ÖLDÜRÜB…

“Yeni kənd təsərrüfatı naziri təyin olunanda düşündüm ki, əvvəlkindən fərqli olaraq indiki nazir heç olmazsa bu sahə ilə bağlı müəyyən müddət fəaliyyət göstərib, hansı problemlər varsa, əsas bunlara diqqət yetirəcək və həlli üçün ictimaiyyətə müəyyən informasiya ötürəcək. Məsələn, hansı dövlət proqramını qəbul edəcəklər, hansı siyasəti yürüdəcəklər, geriləmə olan sahələrdəki problemləri necə həll edəcəklər? Təəssüf ki, bunu görmürük. Belə hesab etmək olar ki, indiki kənd təsərrüfatı naziri də əvvəlkinin gördüyü işləri təkrarlayır. İnam Kərimov gedib quzu ilə şəkil çəkdirmişdi, indiki nazirin də barama qurdunun toxumu ilə şəklini gördüm. Bu gün barama qurdu və onun toxumu problem deyil. Barama qurdu problemi digər problemlərin qarşısında əhəmiyyətsizdir. Məsələn, Azərbaycan özünü çörəklə təmin edə bilməyəcəksə, kənd təsərrüfatı nəyimizə gərəkdir? İlk gündən taxılçılığın inkişafı, buğda istehsalının artımı ilə bağlı müəyyən işlər görülməli idi. Daha ciddi problemlərdən biri – su problemi həll olunmalıdır. Daha çox Kənd Təsərrüfatı Nazirliyi bu problemlə bağlı narahatlığını bildirməlidir. Çünki ölkədə suyun 90%-i kənd təsərrüfatında istifadə olunur, bu sahəni susuz təsəvvür etmək mümkün deyil. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatın, hətta yarısı belə ödənilmədiyi halda kənd təsərrüfatı nazirinin gedib barama qurdunun toxumu ilə maraqlanması göstərir ki, kənd təsərrüfatına gələn məmur qeyri-peşəkardır, nə edəcəyini bilmir. Peşəkar olsaydı, çıxış edib deyərdim ki, nəhayət, bu sahə öz adamını tapdı. O, kənd təsərrüfatı mütəxəssisi deyil. Abşeronda MMC rəhbəri olub. Bu, göstərici deyil…”

Zirveyolu.info  xəbər verir ki, bu sözləri “Kanal 13”ə müsahibəsində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

O bildirib ki, kənd təsərrüfatı təkcə zeytun, badam istehsalı ilə məşğul olmur: “Nazirin əsas sahələrdən anlayışı olsaydı, təyinat aldığı gündən dərhal sonra əsas sahələr üzrə peşəkarları, institut rəhbərlərini yığardı. Belə peşəkarlar ölkədə kifayət qədərdir. Çıxış yolu axtarmaq üçün onlarla məsləhətləşməli idi. Əlbəttə, irəliləyiş 10-15 gündə baş vermir. Amma 10-15 gündə əvvəlki nazirin fəaliyyəti ilə müqayisədə Nazirlikdə dəyişiklik hiss olunmalı idi, canlanma yaranmalı idi. Təbii ki, sahədə irəliləyiş müəyyən vaxt tələb edir. Yeni gələn nazir normal fəaliyyət göstərsə, problemlərin həlli üzrə tədbirlər həyata keçirsə, 1 ildə müəyyən sahələrdə irəliləyişlərə nail olmaq mümkündür. Bazarda monopoliyanın aradan götürülməsi üçün bir həftə lazımdır. Nazir danışıqlara gedə və xahiş edə bilər ki, mövcud monopoliyanın aradan qaldırılmasında ona köməklik etsinlər. Hüquq mühafizə orqanları, hökumət bu məsələyə cəlb edilə bilər. Sizi əmin edirəm, 1 həftə ərzində bazardan monopoliyanı götürmək mümkündür. Jurnalistlər nazirə sual verdilər ki, bazarda niyə qiymətlər yüksəkdir? O da dedi ki, bazar iqtisadiyyatıdır, qiyməti bazar müəyyən edir. Yaxşı, bazar müəyyən edirsə, sən nəyə lazımsan?”

V.Məhərrəmlinin sözlərinə görə, o, Azərbaycanda “kölgə iqtisadiyyatı”nın mövcudluğu ilə bağlı hökuməti xəbərdar edib: “Ölkədə iqtisadiyyatın 60%-i, yəni yarıdan çoxu “kölgə iqtisadiyyatı”nın əlindədir. Bunların istehsal etdikləri məhsul qeydiyyata alınmır, vergi ödənilmir. Nəticədə ölkə iqtisadiyyatı böyümür, bu da bütün sahələrə mənfi təsir edir. Digər ölkələrdə Azərbaycanla müqayisədə kölgə iqtisadiyyatı çox az səviyyədədir. Bu gedişlə bizdə əmək haqqı nə vaxt Belarus səviyyəsində olacaq? “Kölgə iqtisadiyyatı” aradan götürülmədikcə bizdə irəliləyiş ola bilməz. Bu işlə məşğul olanlar elə ən yüksək vəzifəli məmurlardır. Böyük bizneslə məşğul olanlar qeydiyyatda olduqları halda belə, gəlirlərini gizlədirlər, guya ziyanla işləyirlər, yaxud az gəlirlə. Bu məsələ uzun müddətdir, dilə gətirilsə də, hökumət məşğul olmur. Monopoliya aradan götürülməsə, Azərbaycan ərzaq məhsullarına olan tələbatını ödəyə bilməyəcək. Təsəvvür edin, ölkəyə ötən il 2 milyard 363 milyon dollar dəyərində yeyinti məhsulları idxal edilib. Deməli, kəndlilərimizə çatacaq vəsait əcnəbi fermerlərin cibinə getdi, biznesləri genişləndi, sosial durumları yaxşılaşdırıldı. Kənd təsərrüfatı naziri bunu düşünməlidir ki, o pullar bizim kəndlilərin cibinə getməlidir. Baş nazir də yenidir, o da nazirləri bu məsələnin həlli ilə bağlı yığa bilər. Göstəriş verər, Prezidentdən də xahiş edər ki, hüquq-mühafizə orqanları ona bu məsələdə yardımçı olsun, “kölgə iqtisadiyyatı” aradan götürülsün. Baş nazir, yaxud kənd təsərrüfatı naziri bunu edə bilərmi? Xeyr. Çünki bu gün “kölgə iqtisadiyyatı” ilə məşğul olanlar, bazarı monopiliyaya alanlar elə oliqarx məmurlardır. Onların maraqlarına toxunanlar ciddi cəza ala bilərlər. Deputat Vahid Əhmədov da buna işarə etmişdi. O, bunu deyirsə, problemin harada olduğunu yaxşı bilir. Sadəcə, ad çəkmir. Hansı resursu yoxdur ki, Azərbaycan inkişaf etməsin? İxrac kəskin şəkildə azalıb, idxal artıb. Çay ixracımız 94% azalıb, digər məhsullar da həmçinin. Deməli, gəlirimiz azalıb. Keçən ilin birinci rübü ilə müqayisədə bu il 90 milyon dollar dəyərində idxalımız artıb”.

V.Məhərrəmli subsidya məsələsinə də toxunub: “Avropada dövlət məmurları bu işə qarışmaq marağında deyillər. Biz də təklif vermişik ki, işi dolaşdırmayın. Nəyə görə kəndliyə deyirsiniz ki, verdiyiniz subsidiyanın 75%-ni gübrəyə ver? Həmin 75% gübrənin idxalı ilə məşğul olan oliqarx məmura gedir. Bu nə deməkdir? Kim o məmura səlahiyyət verir ki, gedib gübrəni xarici ölkədən alsın, gətirib dövlət büdcəsi hesabına birbaşa kəndliyə satsın? Monopolist keyfiyyətsiz gübrə gətirir, buna görə kəndlilərimiz də heç bir nəticə əldə edə bilmirlər. Onlar bir gündə bir neçə şirkət yaradırlar. Axtarsanız, görərsiniz ki, bir ünvanda on-on beş MMC yaradıblar. Bir gündə yaradırlar, səhər tenderə buraxırlar, tenderi həmin MMC udur, sonra dövlət hesabına məhsul idxal edir və daimi müştəriləri var. Müştərini də dövlət müəyyən edir. Qətiyyən yolverilməzdir. Ölkə üzrə hektara ən azı 400-500 kiloqram gübrə istifadə olunmalıdır. Amma ümumi baxırıq ki, 100 kiloqrama çatıb. Bir sözlə, subsidiyanın 75%-nin gübrəyə verilməsi qərarı da nəticə vermədi. Subsidiya sanballı olmalıdır”.

V.Məhərrəmov əlavə edib: “Kənd təsərrüfatı naziri dedi ki, institut rəhbərlərinə tapşırıq verib, suya tələbatı az olan bitki sortlarının yetişdirilməsi ilə bağlı iş görülsün. Nazirin qeyri-peşəkar olduğunu bilirdim, amma sahədən bu qədər uzaq olduğunu bilmirdim. Azərbaycan suya az ehtiyacı olan bitki növü ilə məşğul olmalı deyil. Azərbaycanın suyu kifayət qədərdir. Azərbaycan daha çox hansı məhsula ehtiyacı varsa, onun istehsalına önəm verməlidir. Nazir deyə bilərdi ki, stress amillərə dözümlü yeni sortların yetişdirilməsi. Məsələn, buğda. Bu bitkiyə daha az su verməklə daha az məhsul verəcək. Düzdür, İsraildə elə yeni sortlar yetişdirilir ki, suya tələbatı azdır. Amma İsraildə modifikasiya olunur. Azərbaycanda hələ genetik modifikasiya ilə ciddi məşğul olan alim tanımıram. Biz yaxın bir neçə il içində İsrail ola bilmərik, gərək bu sahədə çalışaq. 25 milyard kubmetr suyumuz var. Bizə cəmi 5 milyard kubmetr su lazımdır ki, kənd təsərrüfatı məhsullarını beynəlxalq normaya uyğun istehsal edək, içməli su kimi və digər sahələrdə də istifadə edək. Su problemini ona görə şişirlər ki, bacarmırlar, axı su idarə olunmalıdır. Ölkə başçısı Sərəncam imzaladı, Agentlik yaradıldı. On ildir, təklif veririk, deyirik ki, suyun yiyəsi yoxdur, yiyəsi olmalıdır. Amma biz nazirlik yaradılmasını təklif vermişdik. Çünki su ilə bağlı digər oyunçular da var, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərenerji, Fövqəladə Hallar Nazirliyi. Su idarə olunmadığı üçün ciddi itkiyə yol verilir. Təsəvvür edin, mənbədən götürülən suyun nəql zamanı 30%-i itkiyə gedir, nəql etdikdən sonra təsərrüfata çatır, təsərrüfatda isə 50%-i itirilir. Gələn nazir də, hamısı problem axtarırlar, halbuki Azərbaycanda su kifayət qədərdir. Çünki sabah nəyəsə nail olmayanda, sahə geriləyəndə bunlara əsaslandırma lazımdır. Nə ilə əsaslandıra bilər? Yenə bazar, su problemi. Ölkədəki bahalaşmanı dünyadakı bahalıqla əsaslandırırlar, deyirlər, biz də idxal edirik, bu, bazara təsir edir. Aprelin əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yaydığı hesabatda qeyd edir ki, son 12 ayda dünya bazarında ərzaq məhsullarının qiyməti 20,5% ucuzlaşıb. Azərbaycanın Dövlət Statistika Komitəsinin isə aprel ayında yaydığı məlumatda görə, bilərsiniz ki, son 12 ayda hansı məhsullar dünyada ucuzlaşıbsa, o məhsullar Azərbaycanda bahalaşa-bahalaşa gedib. Azərbaycanın daxili bazarını beynəlxalq bazarın əlverişsiz konnekturasından qorumaq üçün hökumət hansı addımları atır? Düşünürlər ki, bilmirik. Nağıl danışırlar, hesab edirlər ki, əhali başa düşmür. Milli Məclis qanun qəbul etməlidir. Oturub parlamentdə boş-boş onu-bunu tənqid etməklə məşğul olmalı deyillər. Hər biri təkliflə gəlməlidir. Bu gün deputat olsam, üç qanun layihəsini masanın üstünə qoyaram. İş görmək əvəzinə bəhanə gətirirlər…”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir