Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.
Toplum TV xəbər verir ki, şirkətlər məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıblar. Onlar gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirir:
“Tarif Şurasının 31.01.2023-cü il tarixdə keçirilən iclasında yeni tariflər təsdiq edilib və aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Dəyişiklik nəticəsində yarana biləcək vəsaitin avtobus parklarının yenilənməsinə imkan yaradacağı, xidmətin keyfiyyətinin yüksələcəyi və dayanıqlılığa müsbət təsir göstərəcəyi proqnozlaşdırılırdı. Lakin Tarif Şurasının bu qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb”, – məlumatda qeyd olunub.
Müraciətdə bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib: “Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Nəzərə alınmalıdır ki, Bakı şəhərində ictimai nəqliyyatda dizel yanacağı ilə işləyən avtobus nəqliyyat vasitələrinin payı qaz yanacağı ilə işləyən avtobusların payından xeyli çoxdur. Bundan başqa 3 ilə yaxın davam edən pandemiya sərnişindaşıma şirkətlərinə çox ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Bundan əlavə qlobal bahalaşma səbəbindən avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb”.
Müraciətdə həmçinin 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiymətinin 33% bahalaşdığı diqqətə çatdırılıb:
“Hazırki vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır. Bu hal iqtisadi vəziyyətimizin ağırlaşmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarır. Nəticədə bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarımız risk altına salacaq. Nəzərə alınmalıdır ki, nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, minlərlə əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, əhalinin məskunlaşmasında vacib iqtisadi əhəmiyyət kəsb edir. Bu gün paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma xidməti çox ciddi iqtisadi və texniki böhranlar yaşayır”.
Toplum TV