BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən 12-ci İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə “Invest in Azerbaijan” stendi ilə çıxış edən Azərbaycanın investisiya potensialı nümayiş etdirilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, rəsmi şəxslərin, iş adamlarının və investorların iştirak etdiyi tədbirdə AZPROMO, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Ələt Azad İqtisadi Zonasının nümayəndələri ölkəmizin investisiya imkanları, sahibkarlara dəstək göstərən qurumların fəaliyyəti, iqtisadi zonalarda yaradılmış əlverişli şərait və turizm potensialına dair məlumat verib.
“Invest in Azerbaijan” stendində isə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, Ələt Azad İqtisadi Zonasında yaradılmış imkanlar, ölkəmizin turizm potensialı təqdim edilib.
2011-ci ildən hər il keçirilən İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır.