“Çox xoşbəxtəm ki, Heydər Əliyevlə görüşmək şansım oldu”.
“Zirvə yolu” xəbər verir ki, bunu Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində büstün açılış mərasiminə qatılan BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos deyib. “Azərbaycanın bu gün tamamilə müstəqil və suveren dövlət olması və dünyada gedən proseslərdə xüsusi rol oynaması ilə qürur duyuram”, – o deyib.
Migel Angel Moratinos Ümumilli Lider Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb: “Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin 100-cü ildönümündə onunla bağlı keçirilən mühüm simvolik mərasimdə iştirak etmək mənim üçün şərəfdir. İspanyanın xarici işlər naziri olduğum vaxtlar (2004-2011-cü illər-red) Azərbaycana bir neçə dəfə səfər etdim. Ancaq onunla görüşüm Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi olduğum vaxtlara təsadüf edir. Heydər Əliyevlə görüşmək mənim üçün böyük şərəf idi.
Onunla bir çox mövzularda fikir mübadiləsi apardıq. Mənə İspaniya Krallığı və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi mövzusunda çalışmağım barəsində tövsiyələrini verdi.
Bu gün Heydər Əliyev kimi şəxsiyyətin 100 illik yubileyinə qatılmaq və onunla bağlı səsləndirilən gözəl sözləri eşitmək qürurvericidir”.