Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı bildirib ki, meymunçiçəyi ilə bağlı 10 aylıq qlobal sağlamlıq fövqəladə vəziyyətinə son qoyur. Bu virusa yoluxma halları yüzdən çox ölkədə təsdiqlənib.
“Zirvə yolu”nun “Reuters”ə istinadən xəbərinə görə, ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın Fövqəladə Hallar Komitəsinin tövsiyəsi əsasında meymunçiçəyi xəstəliyinə görə fövqəladə vəziyyətin başa çatdığını elan edib.
Bu addım xəstəliyinin yaratdığı böhranın nəzarət altında olduğunu göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qeyd edib ki, son üç ayda xəstəliyə yoluxma halları əvvəlki eyni dövrlə müqayisədə demək olar ki, 90% azdır.
Təşkilatın son hesabatına görə, 2022-ci ilin əvvəlindən bu il mayın 8-dək dünyada bu xəstəliyə 87 mindən çox yoluxma faktı təsdiqlənib.
ÜST-ün meymunçiçəyi xəstəliyi üzrə fövqəladə komitəsinin sədr müavini Nikola Lou fövqəladə tədbirlərə güvənməkdənsə, xəstəliyin yaratdığı uzunmüddətli ictimai sağlamlıq risklərini idarə etmək üçün bir strategiyaya keçməyə ehtiyac olduğunu söyləyib.