Ucar rayonu Pirkənd kəndində yaşayan Həşimov Elmin Yaşar oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
“Hörmətli cənab nazir, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, aztəminatlı ailə olaraq ünvanlı sosial yardım almaq üçün 14.03.2023-cü il tarixində etdiyimiz müraciətə imtina verilib. İmtinanın səbəbi kimi «Ailənin əmlakının düzgün qeyd edilməməsi» göstərilib. Bu əsassız və qanunsuz verilmiş imtinadır. Çünki biz əmlaklarımız barədə bütün məlumatları sistemdə qeyd etmişik.
Qeyd edim ki, bundan əvvəlki 10.11.2022-ci il tarixində ünvanlı dövlət sosial yardım almaq üçün etdyimiz müraciətimizə aylıq 376,33 AZN pul təyin olunmuşdu. Həmin vaxt müraciət edəndə bir neçə dəfə «Ailənin əmlakının düzgün qeyd edilməməsi» barədə belə əsasız və qanunsuz olaraq imtinalar verilirdi. Lakin Sizə həm rəsmi ərizə və media vasitəsi ilə müraciət etdikdən sonra ailəmə ünvanlı dövlət sosial yardımı təyin olundu.
Üç ay sosial yardımı aldıqdan sonra bu ilin fevral ayında həyat yoldaşım daimi işlə təmin olunduğu ilə əlaqədar ailəmizin gəliri artdığı üçün verilən sosial yardım dayandırıldı və yoldaşım maaş aldıqdan sonra yenidən sənədləri toplayıb ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etdik və yuxarıda qeyd etdiyim kimi təssüf ki, yenədə əsassız və qanunsuz imtina verilir.
Mənim və həyat yoldaşımın, hər birimizin bir pay torpağı var. Həyat yoldaşımın 4 nəfər payçının paylı mülkiyyəti olan A seriyalı, 2722008744 nömrəli, 904013018955 reyestr nömrəli 0,67 hektar pay torpağı, mənim isə 6 nəfər payçı ilə paylı mülkiyyət olan A seriyalı, 2722008983 nömrəli, 904013043140 reyestr nömrəli 0,34 hektar pay torpağım var. Eyni zamanda həyat yoldaşım Həşimova Gülzar Namət qızının adına Ucar rayon Qaracallı kəndində valideynləri ilə birlikdə paylı mülkiyyət olan ev var. Bu üç əmlakdan başqa mülkiyyətimiz yoxdur. Hər üç əmlakıda qeyd etmişik.Əmlakımızda dəyişiklik olmadığı halda necə ola bilər ki, ünvanlı dövlət sosial yardım alamq üçün 10.11.2022-ci il tarixində etdiyimiz müraciətə təyinat verilir, amma 14.03.2023-cü il tarixində olan müraciətimizə əmlakın düzgün qeyd edilməməsi bəhanəsi ilə imtina verilir.
Himayəmdə iki azyaşlı övladım var. Oğlum xəstədir və sağlamlığı məhdud uşaq kimi sosial müavinət alır. Özümdə üçüncü qrup əliləm. İşləyə bilmirəm, daimi iş yerim yoxdur. Ailəmin maddi vəziyyəti həddindən artıq kasıb vəziyyətdədir.
Hörmətli cənab nazir mən bir daha mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm məni şəxsən özünüz qəbul edəsiniz. Mən həmin qəbulda bu müraciətdə qeyd etdiyim faktlarla bağlı subutlarımı şəxsən Sizə təqdim edəcəm…”
İddia olunanlarla bağlı Zirveyolu.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq…