Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında iştirak edəcək ölkələrin sayı müəyyənləşib
Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında iştirak edəcək ölkələrin sayı müəyyənləşib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında məlumat verib.
O, 145 ölkədən 933 idmançının mundiala qatılacağını vurğulayıb: “Növbəti həftədən 2000-dən çox qonaq paytaxtımıza təşrif buyuracaq. Bu, pandemiyadan sonra ölkəmizdə baş tutacaq ən önəmli turnirlərdən biri olacaq. Ölkəmiz böyük idman tədbirlərinə ev sahibliyi edir. Azərbaycan tamaşaçısı belə yarışları öz ölkəsində izləyir. Mundial beynəlxalq federasiya üçün də önəmlidir. Qurumun Bakıda gerçəkləşəcək 50 illik yubileyində mühüm qərarlar qəbul olunacaq”.
N.Səfərov hazırlıqla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin iclasının keçirildiyini sözlərinə əlavə edib: “İclasda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat ərəfəsində baş tutacaq tədbirlər barədə məlumat verilib”.
O, baş məşqçilərin qarşısına tələblər qoyduqlarını bildirib: “Kişilərdən 3, qadınlardan isə 2 medal gözləyirik. İdmançılarımızın durumları yaxşıdır və təlim-məşq toplanışlarını davam etdirirlər”.
Federasiyanın vitse-prezidenti Rusiya idmançılarının da siyahıda olduğunu əlavə edib: “Amma burada müəyyən şərtlər var. Yekun siyahını gözləyirik. İdmançının hərbi xidmətdə olması, Ukraynaya qarşı döyüşlərdə iştirakı kimi məsələlərə baxılacaq”.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq və 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dünya çempionu aktivinə 140 reytinq xalı əlavə edəcək.