Uels klubu “Kardiff Siti” təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Salanın ölümü ilə əlaqədar Fransa təmsilçisi “Nant”dan 110 milyon avro təzminat tələb edib.
“Zirvə yolu” “L’Equipe” nəşrinə istinadən məlumatına görə, “Kardiff” rəhbərliyi artıq şikayətini Nant Kommersiya Məhkəməsinə ünvanlayıb.
Onlar Salanın ölümündən sonra gəlirlərinin itirilməsini əsas gətirərək, Fransa klubundan 100 milyon avro, həmçinin, faizlərin qaytarılmasını istəyib. İyunun 22-də “Nant” rəsmiləri məhkəmə önünə çıxacaqlar.
Qeyd edək ki, Emiliano Sala 2019-cu ilin yanvarında “Nant”dan “Kardiff Siti”yə transfer olunsa da, müqavilə imzalamaq üçün Uelsə səfər zamanı təyyarəsi qəzaya uğrayıb. Nəticədə argentinalı 28 yaşında vəfat edib.