“Orbita MTK” Nizami rayonu Qara Qarayev prospekti Tofiq Abbasov küçəsində təhlükəli sayılacaq hündürmərtəbəli yaşayış binasının tikintisinə start verib.
Zirveyolu.info Kommersant.az-a istinadən xəbər verir ki, sözügedən ünvandakı binanın daşıyıcı sütunlarında (kolonlarında) 12 millimetr diametrli armaturlardan istifadə olunub. Hətta deyəsən sözügedən şirkət daşıyıcı sütunlarda (kolonlarda) 4 ədəd armaturdan istifadə etməklə gələcəkdə baş verəcək zəlzələ və ya təbii fəlakətdə ilk dağılacaq bina olaraq adını dəftərə yazdırmaq fikrindədir. “Orbita MTK” sözügedən sütunların (kolonların) “apalovkasını” qurduğu üçün sütunlardakı armatur sayını artırmaq mümkün deyil.
Bundan başqa “Orbita MTK” pas atmış köhnə, ucuz və keyfiyyətsiz armaturlardan istifadə etməsi yolverilməzdir və güman edirik ki, aidiyyatı qurumlar bu məsələyə xüsusi diqqət ayıracaq.
Qeyd edək ki, 2019-cu ilin fevral ayında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun açıqlamasında “Orbita MTK”-nın ən çox şikayət olunan tikinti şirkəti olduğunu bildirmişdi.
Sonda S.İsmayılov “İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq” desə də, vətəndaşlar yerli icra orqanının məsələyə baxmadığını deyərək son günlərdə məsələni yenidən gündəmə gətirib.
May ayının 5-də vətəndaşlar evlərini sökən “Orbita MTK” barəsində “Nizami Rayon İcra Hakimiyyətinə” müraciət etsələr də, şikayətlərinə baxmadıqlarını dilə gətiriblər.
Qeyd edək ki, məsələni diqqətdə saxlayacıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.