Azərbaycan I Divizionun XXIX turu ilklə əlamətdar olub.
“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümdə ilk dəfə qadın referi baş hakim funksiyasını yerinə yetirib.
Bu, “Qarabağ-2” – “Turan Tovuz-2” görüşündə baş verib. Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəlib.
Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olub.
Azərbaycan çempionatının I Divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/2015 mövsümündə yaşanıb.
8 il 1 gün öncə – 2015-ci il mayın 15-də “Ağsu” – “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni “amplua”da – baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.