Dünya Manşet

İkinci turda xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı açıqlanıb

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində səsvermədə iştirak edən Türkiyə vətəndaşlarının sayı açıqlanıb.

“Zirvə yolu” “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə xaricində səsvermədə iştirak edənlərin sayı 471 734 nəfər olub.

Şənbə günü səhər 73 ölkədə 156 seçki məntəqəsi açılıb. Ümumilikdə respublikadan kənarda 3,4 mindən çox seçki qutusu quraşdırılıb. Seçkilərdə 3,6 milyon vətəndaş iştirak edə biləcək, 2005-ci il mayın 29-dan əvvəl doğulmuş 47 minə yaxın türk isə ilk dəfə səs verəcək.

Xaricdə səsvermə mayın 24-dək davam edəcək, baxmayaraq ki, bəzi ölkələrdə orada yaşayan vətəndaşların sayından asılı olaraq səsvermə daha tez başa çatacaq. Türkiyənin sərhəd-keçid məntəqələrində şənbə günü açılan bölmələr mayın 28-i yerli vaxtla saat 17:00-a qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.

Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir