Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı” kursunun ilk buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər məzunlara Hərbi Hava Qüvvələri Komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında belə kursların əhəmiyyətindən danışıb, məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Kursu bitirən hərbi qulluqçular təhsil müddətində yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildiriblər.
Məzunlar göstərilən etimadı doğrulmaq üçün burada qazandıqları bilik və vərdişləri xidmətdə inamla tətbiq edərək xidməti vəzifələrinin icrasına daha məsuliyyətlə yanaşacaqlarına, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.
Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda xatirə fotosu çəkdirilib.