Cəmiyyət

Binə sakini dərdini KİMƏ DESİN? – GİLEY

Bakı şəhəri sakini Əkbərov Zaur Maksud oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, təzə aldıqları evin qapısını binanın komendatı Ağazadə Yunis qıraraq, içərisində olan 5100 manat dəyərində tikinti materiallarını oğurlayıb:

“Mən, Əkbərov Zaur Maksud oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, 2006-ci ildə Naxçıvandakı evimizi satıb, anamın adına Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, 23 nömrəli mənzili aldıq. Şirkət bizdən sonra bu evi daha bir ailəyə satıb. İşimiz məhkəməyə düşdü, məhkəmənin qərarı ilə qapını möhürlədilər. Qərar bizim xeyrimizə çıxmamışdan əvvəl, komendat Ağazadə Yunis qapının möhürünü qıraraq içərisindəki materialları oğurlayıb.

Məhkəmə bir müddət sonra qərarı bizim xeyrimizə verdi. Bu vaxt evə gedəndə gördük ki, qapı sındırılıb və içərisində olan materiallar oğurlanıb. Cinayət işi açıldı, təqsirləndirdiyimiz şəxs məhkəmədə qapının möhürünü qırdığını boynuna aldı. Lakin oğurluğu inkar etdi.

Hiss etdik ki, bu işi ört-basdır etmək istəyirlər. Bu səbəbdən, general Rafiq Abbasovun qəbuluna yazıldıq. Qəbula getdiyimiz gün bizi istintaqın rəisi Nazim İsmayılov qarşıladı, bir neçə yerə yönləndirdi. Lakin heç bir tədbir görülmədi. Bir müddət keçəndən sonra Rafiq Abbasovun yerinə Mirqafar müəllim təyin olundu. Yenidən qəbula yazıldıq ki, bəlkə bu şəxs bizə kömək edər. Amma istintaqın rəisi Nazim İsmayılov yenə bizi qəbula salmayıb, başqa adamlara yönləndirmək istəyirdi. Anam orada dedi ki, “məni qəbula salmasan, özümü maşının altına atacam”. Bu ifadədən sonra bizi qəbula saldılar.

Qəbulda Mirqafar müəllimə ətraflı məlumat verdik. Mirqafar müəllim təcili Nazim İsmayılova tapşırıq verdi ki, bu işin üstünə düşülsün. Anamla qəbuldan çıxanda Nazim İsmayılov bizə bildirdi ki, narahat olmayın, işiniz həll olunacaq. Amma yenə də heç bir tədbir görülmədi. Ağazadə Yunis nə oğurladıqlarının pulunu, nə də materialların özünü qaytardı. Həmin vaxtdan sonra dəfələrlə qəbula yazılsaq da, bizi qəbul etmədilər.

Anam “infarkt” keçirdi. İllərdir ürək xəstəliyindən əziyyət çəkir. Sizdən xahiş edirəm, bizim bu məsəni işıqlandırın, pulumuz batmasın”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir