Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası keçirilib.
“Zirvə yolu”nun məlumatına görə, Azərbaycan Velosiped Federasiyasında (AVF) baş tutan toplantıda AVF-in prezidenti, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin sədri Mədət Quliyev, qurumun vitse-prezidenti Robert Eyyubov, baş katib Elnarə Musayeva, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, həmçinin Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.
Tədbirdə “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin təşkilati işləri müzakirə edilib. Toplantı iştirakçıları görülən işlər haqqında geniş məlumatlar veriblər.
Mədət Quliyev aparılan hazırlıq işlərinin qənaətbəxş olduğunu bildirərək, təşkilati məsələlər haqqında müvafiq tapşırıq və tövsiyələr verib. O, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli veloturda dünyanın 16 ölkəsindən 18 komandanın heyətində 100-dən çox idmançı mübarizə aparacaq. Turnir iyunun 7-dən 11-dək təşkil olunacaq.