Cəmiyyət

Astara xəstəxanasında xəstələrin uzun növbəsi: “Dərman çatışmazlığı var”

Son günlər Astara Rayon Mərkəzi Xəstəxanasında qeydiyyata düşmək üçün böyük növbələr yaranır.

Adının çəkilməsini istəməyən bir şəkərli diabet xəstəsinin deməsinə görə, mayın 23-də növbədə bir vətəndaşın halı da pisləşib: “Növbə uzun idi. Saatlarla növbəyə duranlar var idi. Gördüm halım da pisdir, çıxdım getdim. Kompüterdə bir nəfər işləyirdi. Deyirdi ki, sistem yaxşı işləmir, işıq zəifdir. Şəkər xəstəsiyəm. İndiyə kimi mənə şəkəri ölçən aparat verməyiblər. Hər dəfə dərmanı zülmlə alırıq”.

Xəstəxanada növbəti günlərdə də növbə olduğu bəlli olub. Adının çəkilməsini istəməyən daha bir xəstə: “Deyirlər ki, dərman Ukraynadan gəlir, orada müharibə gedir, ona görə gecikmələr olur. Onda necə olur ki, apteklərdə istədiyin qədər şəkər dərmanı, şəkəri ölçən aparatlar var? Bizi çox incidirlər, bezmişik. Kənddən gəlirik, burda saatlarla gözləyirik”.

“Elə bil, dərmanı öz ciblərindən verirlər”

Başqa bir xəstə isə vurğulayır ki, dərmanı dövlət pulsuz verir, onu almaq onların haqqıdır: “Elə bil, dərmanı öz ciblərindən verirlər. Vaxtında dərman almağa gəlməyəndə deyirlər, qurtarıb. Məcbur edirlər ki, apteklərə üz tutaq. Burada adamın şəkəri qalxır”.

Xəstələrdən birinin dediyinə görə, əvvəllər belə növbələr olmayıb, dərmanları vaxtında alıblar: “İki aydır ki, belə zülm çəkirik. Uzaq dağ kəndləri var. Oradan gələn şəkər xəstəsi nə etməlidir, burada gecələməlidir? Növbəsiz keçənlər də olur. Özləri belə şərait yaradırlar”.

3 min 700 şəkərli diabet xəstəsi

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev isə növbələrin yaranmasının günahını xəstələrdə görür: “Nə etmək olar, rayonda 3 min 700 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Birdəfəlik 200 nəfər gəlir, növbə yaranır. Sistemin nasaz olması internetdən asılıdır, bizdən asılı deyil. Bəzən proqrama dəyişikliklər edirlər. Belə gecikmələr az çəkir”.

Şəkərli diabet xəstələrinə dövlət hesabına pulsuz dərmanların verilməsinin 2022-ci ildən İcbari Tibbi Sığorta Agentliyinə tapşırıldığı bildirilir.

Agentliyin “Çağrı mərkəzi”ndən deyiblər ki, bölgələrdə şəkərli diabet xəstələrinə dərmanların verilməsi mayın 15-dən başlanıb: “Sadəcə, dərmana olan növbələr xəstələrin çoxluğu ilə bağlıdır. Dərman əldə edilməsində problem yoxdur. Amma texniki nasazlıq var. Bu növbələr dərmanların paylanması ilə bağlı deyil”.

2019-cu il siyahıyaalınmasına görə, Astara rayonunun 109 minə yaxın əhalisi var.///”Azadlıq” radiosu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir