İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib.
“Zirvə yolu”nun məlumatına görə, T. Tağıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Bundan əlavə, Dövlət İqtisad Universitetinin biznesin idarəolunması proqramı üzrə MBA, həmçinin, ABŞ-ın Corcia Dövlət Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.
2001-ci ildə əmək fəaliyyətinə başlayıb, müxtəlif özəl və dövlət qurumlarında çalışıb, o cümlədən Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində və İqtisadi İnkişaf Nazirliyində işləyib. 2008-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycandakı təmsilçisi vəzifəsini yerinə yetirib, 2021-ci ildən isə Azərbaycan, Albaniya və Orta Asiya ölkələrini İİB-in Direktorlar Şurasında icraçı direktor qismində təmsil edir. 2020-2021-ci illər ərzində Dünya İqtisadi Forumunun Rəqəmsal Ticarət Platforması çərçivəsində mübadilə proqramının iştirakçısı olub.
2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsində çalışıb.
Hazırda 4SİM-in icraçı direktoru vəzifəsi Mərkəzin icraçı direktorunun müavini Fariz Cəfərova həvalə olunub.
F. Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyi üzrə bakalavr, Madrid və Milan politexnik universitetlərində dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ikili magistr, “London Webster Graduate School” məktəbində biznesin idarə edilməsi, Dyuk Universitetinin Fuqua Biznes məktəbinin adaptiv strateji idarəetmə və Corc Vaşinqton Universitetinin layihələrin idarə edilməsi üzrə magistr təhsili alıb.
2019-2022-ci illərdə Fariz Cəfərov Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edib.
F. Cəfərov dövlət sektorunda bir sıra istiqamətlər, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kənd təsərrüfatı, turizm, tikinti və sosial xidmətlər üzrə on ildən artıq təcrübəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mərkəzi Bank və bir sıra özəl və dövlət qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son 5 ildə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru vəzifəsində çalışıb, ölkə üzrə 50-dən çox strateji əhəmiyyətli rəqəmsal layihəyə, o cümlədən ASAN Viza, ASAN Bridge, ASAN Ödəniş, “e-satınalma”, Elektron Hökumət və “MyGov” portalları, eləcə də digər layihələrə rəhbərlik edib.